Gəncə Dövlət Universitetində narkomaniyanın mənfi təsirləri barədə maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universitetində narkotik vasitələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Gənclər Fondu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, tədbirin məqsədi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” haqqında gəncləri məlumatlandırmaqdır. Prorektor çıxışında narkomaniyanın fəsadlarından bəhs edərək, bu sahədə düzgün maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşı Nihad Həzizadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Şahin İsmayılov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini Şahin Qəhrəmanov, Gəncə Narkoloji Dispanserin baş həkimi Etibar Xəlilov, Azərbaycan Respublikası Antidopinq Agentliyinin nümayəndəsi Qüdrət Səfərov çıxış edərək narkomaniyanın acı nəticələrindən, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsindən və onun yayılmasının qarşısının alınmasının əhəmiyyətindən danışıblar.
Çıxış edənlər gənc nəslin sağlamlığının qorunması istiqamətində mühüm fikirlər irəli sürüblər. O cümlədən gənclərin zərərli vərdişlərdən çəkinməsi və onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.









