27 Sentyabr-Anım Gününə həsr olunmuş  tədbir keçirilib

Gəncə Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Universitetin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 27 sentyabr 2020-ci il böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən Savaşının qələbə dolu əks-sədası eşidildi. Müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi. Dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətləri otuz ildən artıq müddətdə Qarabağ münaqişəsinin həllinə mane olsalar da Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın birliyi  sayəsində Qarabağ işğaldan azad olundu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Rektor Yusif Yusibov onu da vurğulayıb ki,Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir.    
GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.

Daha sonra Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev “Anım günü milli birliyimizin əbədi rəmzidir”, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Zəfərə gedən parlaq yol”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Milli birlik və dövlət strategiyası: Qələbəyə aparan yol” adlı məruzələrində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən bəhs ediblər.

Sonda Fizika və texniki fənlər fakültəsinin 3-cü kurs tələbəsi Ülviyyə Məmmədli “Bir əsgərin dilindən” adlı şeir səsləndirib.