Gəncə Dövlət Universitetində şəhid məzun Fərman Əsədlinin adını daşıyan auditoriya istifadəyə verilib
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olmuş şəhid Fərman Əsədlinin adını daşıyan auditoriyanın açılışı olub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov çıxışında qeyd edib ki, Əsədli Fərman Elçin oğlu İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasının məzunu olmuşdur. 2016-cı ildə Aprel döyüşləri başlayarkən Fərman Əsədli yaxın qohumu Əliyev Sadiq Natiq oğlu ilə birlikdə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. Tərtər istiqamətində gedən gərgin döyüşlər zamanı düşmənin intensiv artilleriya atəşinə baxmayaraq, Əsədli Fərman böyük cəsarət və mərdlik nümayiş etdirmiş, ön xəttdə Vətən uğrunda mübarizədə qəhrəmanlıq nümunəsi göstərmişdir. O, döyüş bölgəsində mülki əhalinin təhlükəsiz ərazilərə təxliyəsinə köməklik göstərmiş, yaralanmış soydaşlarımıza və Azərbaycan hərbçilərinə ilkin yardım etmişdir. Eyni zamanda, səngərdə döyüşən əsgərlərimizin yanında olaraq onlara mənəvi-psixoloji dəstək vermiş, yüksək vətənpərvərlik və fədakarlıq nümunəsi nümayiş etdirmişdir. 2016-cı il aprelin 2-də düşmən tərəfindən atılan mərmi nəticəsində Fərman Əsədli qəhrəmancasına şəhid olmuşdur. Dövlətimiz onun Vətən qarşısındakı xidmətlərini, göstərdiyi şücaət və fədakarlığı yüksək qiymətləndirərək Fərman Əsədlini ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif etmişdir. O, həmçinin “Vətən naminə” medalı ilə də mükafatlandırılmışdır.
Şəhidin atası Elçin Əsədli çıxışında bildirib ki, oğlu, şəhid Fərman Əsədlinin adına auditoriyanın açılması universitetin öz qəhrəman məzununa göstərdiyi ehtiram və sevginin təzahürüdür. O da qeyd edilib ki, auditoriyada şəhid Fərman Əsədlinin həyat və döyüş yolunu əks etdirən xatirə guşəsi şəhidin həyat və mübarizə yolunun gənc nəslə çatdırılması, onlarda Vətənə sevgi və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şəhidin atası Elçin Əsədli bir vaxtlar təhsil aldığı ali məktəbdə oğlu Fərman Əsədlinin adına auditoriyanın yaradılmasını yüksək qiymətləndirərək Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova minnətdarlığını bildirib.
Sonda tələbələr vətənpərvərlik mövzusunda şerlər səsləndiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






