Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü

Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional sülhün təmin olunmasına dair prinsipial yanaşmasını əks etdirir.

Azərbaycanın beynəlxalq nüfuzu yalnız əlverişli coğrafi mövqeyi ilə deyil, həm də həyata keçirdiyi ardıcıl siyasət, regional əməkdaşlığın genişləndirilməsi və beynəlxalq təşəbbüslərə verdiyi töhfələrlə müəyyən olunur. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz nəqliyyat-logistika, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və iqtisadi əlaqələrin genişləndirilməsi sahələrində mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də beynəlxalq təşkilatların qərarlarının icrası məsələləri xüsusi yer tutub. Bu prinsiplər beynəlxalq münasibətlər sistemində sabitliyin qorunması və münaqişələrin qarşısının alınması baxımından fundamental əhəmiyyət daşıyır.

Beynəlxalq hüquq normalarının seçici şəkildə tətbiqi beynəlxalq institutlara etimadı zəiflədir, münaqişələrin həllini çətinləşdirir və hüquqi məsuliyyət prinsipinə xələl gətirir. Bütün dövlətlərə münasibətdə eyni hüquqi meyarların tətbiqi beynəlxalq sistemin etibarlılığının və ədalətin təmin edilməsinin əsas şərtlərindəndir. Azərbaycanın uzun illər Ermənistanın hərbi təcavüzü ilə üzləşməsi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalması beynəlxalq hüququn icrası ilə bağlı problemləri aydın şəkildə nümayiş etdirib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icra olunmaması beynəlxalq mexanizmlərin səmərəliliyi məsələsini gündəmə gətirib.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa edilməsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından mühüm mərhələlərdir. Bu hadisələr, eyni zamanda, beynəlxalq hüququn prinsiplərinin real siyasi şəraitdə təmin edilməsinin əhəmiyyətini göstərir. Azərbaycan münaqişənin başa çatmasından sonra regional qarşıdurmanın davam etdirilməsini deyil, davamlı sülhün və əməkdaşlığın təmin olunmasını əsas məqsəd kimi qarşıya qoyub. Beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən təsirli mexanizmlərin yaradılması yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından vacibdir.

Müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətləri birləşdirən AQEM kimi platformalar dialoqun inkişafı, ortaq maraqların müəyyənləşdirilməsi və regional çağırışların birgə həlli baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti ölkəmizin çoxtərəfli diplomatiyaya və beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.