“Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda Gəncə Dövlət Universitetində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeliyindəki qurumların nümayəndələri, eləcə də dövlət və özəl sektoru təmsil edən müəssisələrin əməkdaşları iştirak ediblər.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov çıxışında tədbirin məqsədinin əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, qadınların əmək bazarında iştirak imkanlarının genişləndirilməsi, eləcə də əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərlə bağlı iştirakçıların məlumatlandırılması olduğunu bildirib.
Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun baş məsləhətçisi Orxan Nadirov, Əmək siyasəti şöbəsinin Əmək qanunvericiliyinin tətbiqi sektorunun müdiri Rəşad Əhmədov və Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri Pərviz Əliyev çıxış ediblər.
Çıxışlarda qadınların əmək hüquqlarının qorunması, əmək münasibətlərində gender bərabərliyi prinsipinin təmin edilməsi, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyi məsələlərinə toxunulub.
Həmçinin əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərinin attestasiyasının aparılması qaydaları və dövlət standartları barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.