Tələbələrin psixoloji rifahının dəstəklənməsi istiqamətində tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Əlilliyi olan tələbələr üçün mərkəzinin təşəbbüsü ilə tələbələrin psixoloji rifahının dəstəklənməsi və emosional sağlamlığının qorunması istiqamətində psixoloji seanslar təşkil olunub.
Tədbir Universitetin Psixologiya kafedrasının müəllimi Hicran Verdiyeva ilə birgə həyata keçirilib.
Seanslar çərçivəsində tələbələrin fərdi psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi, onların emosional vəziyyətinin dəstəklənməsi, qarşılaşdıqları psixoloji çətinliklərin aradan qaldırılmasına kömək göstərilməsi məqsədilə fərdi və qrup şəklində görüşlər keçirilib.
Görüşlər zamanı tələbələrə psixoloji dəstək göstərilib, onların özünüifadə, ünsiyyət və sosial adaptasiya bacarıqlarının inkişafına yönəlmiş müzakirələr aparılıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlər Universitetdə inklüziv və dəstəkləyici təhsil mühitinin formalaşdırılmasına, hər bir tələbənin fərdi ehtiyaclarının nəzərə alınmasına və onların psixoloji rifahının təmin edilməsinə xidmət edir.


