GDU-da tədrisin keyfiyyəti və imtahanların təşkili ilə bağlı iclas keçirilib

Gəncə Dövlət Universitetində 2026/2027-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq vəziyyətinin öyrənilməsi, imtahanların şəffaf və obyektiv keçirilməsinin, tələbə məmnunluğunun təmin edilməsi və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi məsələlərinə həsr olunmuş iclas keçirilib.
İclasda universitetin rektoru Yusif Yusibov, departament direktorları, fakültə dekanları və şöbə müdirləri iştirak ediblər.
Rektor Yusif Yusibov giriş sözü ilə çıxış edərək bildirib ki, ali təhsil müəssisəsinin əsas hədəfi müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrlar hazırlamaqdır. Onu da qeyd edib ki, universitet rəhbərliyi tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin hüquq və mənafelərinin qorunmasına, eləcə də onların məmnunluğunun təmin edilməsinə xüsusi diqqət yetirir.
İclasda auditoriyaların elektron avadanlıqlarla təminatı, həmçinin qarşıdan gələn imtahan sessiyası ilə əlaqədar “EduMan” sisteminə yüklənməsi zəruri olan sənədlərin vəziyyəti müzakirə olunub. Fakültə dekanları auditoriyalarda elektron lövhə və proyektorların mövcud vəziyyəti barədə məlumat veriblər.
Tədris Departamentinin direktoru Elturan Yusifov tədris planlarının icrası, payız semestrinin imtahan sessiyasına hazırlıq vəziyyəti və imtahanların təşkili qaydaları haqqında ətraflı məlumat təqdim edib.
İclasın sonunda rektor tələbə biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi, imtahan prosesində hər hansı neqativ hallara yol verilməməsi, əmək intizamının və tələbə davamiyyətinin gücləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti