GDU-da “Müasir dil tədrisi: innovativ metodlar, rəqəmsal texnologiyalar və elmi perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib
19 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının təşkilatçılığı ilə “Müasir dil tədrisi: innovativ metodlar, rəqəmsal texnologiyalar və elmi perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə xarici dillərin tədrisi sahəsində baş verən yenilikləri, innovativ təlim metodlarının tətbiqi imkanlarını, rəqəmsal texnologiyaların və süni intellektin tədris prosesinə təsirini müzakirə etmək, elmi-pedaqoji təcrübə mübadiləsini genişləndirmək olub.
Konfransı giriş sözü ilə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Elnarə Abdullayeva açaraq tədbirin əhəmiyyətindən danışıb. O, qloballaşan dünyada xarici dilləri öyrənməyin və tədris etməyin yeni yanaşmalar tələb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, müasir təhsil mühitində ənənəvi tədris metodları ilə yanaşı, innovativ pedaqoji yanaşmaların, rəqəmsal resursların və süni intellekt imkanlarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu vasitələr tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin dil bacarıqlarının inkişafına, onların müstəqil öyrənmə və tədqiqat aparmaq imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Daha sonra Filologiya və xarici dillər fakültəsinin dekanı, dosent Yadigar Əliyev, elmi işlər üzrə dekan müavini, dosent Mehriban Məmmədova, tədris işləri üzrə dekan müavini Məleykə Aslanova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova, Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Yaqut Hacıyeva məruzələrlə çıxış ediblər.
Çıxışlarda xarici dillərin tədrisində müasir metodik yanaşmaların tətbiqi, tələbəyönümlü təlim strategiyaları, kommunikativ bacarıqların inkişaf etdirilməsi, rəqəmsal platformalardan səmərəli istifadə və süni intellekt texnologiyalarının dil öyrənmə prosesində yaratdığı imkanlar diqqətə çatdırılıb. Eyni zamanda, dil tədrisində nəzəri biliklərlə praktik bacarıqların uzlaşdırılmasının, tələbələrin fərdi öyrənmə ehtiyaclarının nəzərə alınmasının və müasir təlim mühitinin formalaşdırılmasının vacibliyi vurğulanıb.
Konfrans öz işini plenar iclasla davam etdirib. Plenar iclasda təqdim olunan məruzələr ətrafında geniş elmi müzakirələr aparılıb, müasir dil tədrisinin qarşısında duran aktual məsələlər, mövcud problemlər və onların həlli yolları nəzərdən keçirilib. İştirakçılar innovativ metodların tədris prosesinə inteqrasiyası, rəqəmsal texnologiyaların dil bacarıqlarının formalaşdırılmasında rolu və gələcək elmi araşdırmalar üçün perspektivli istiqamətlər barədə fikir mübadiləsi aparıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti














