Buraxılış kurs tələbələri karyera inkişafının əsas istiqamətləri barədə maarifləndirilib
Gəncə Dövlət Universitetinin (GDU) Təcrübə və karyera şöbəsi ilə Filologiya və xarici dillər fakültəsinin birgə təşkilatçılığı, Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin nümayəndələrinin iştirakı ilə “Təhsil və karyera planlaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin direktoru Əliağa Səfərəliyev, məktəbin praktik psixoloqu Günay Bayramova, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, dekan müavini Arzu Babayeva və tələbələr iştirak ediblər.
Universitetin V tədris binasında təşkil olunan tədbirdə Filologiya və xarici dillər fakültəsinin buraxılış kurs tələbələrinə karyera inkişafının əsas istiqamətləri, əmək bazarının tələbləri, peşəkar bacarıqların formalaşdırılması və gələcək fəaliyyətin düzgün planlaşdırılması barədə ətraflı məlumat verilib.
Əmək bazarının nümayəndələri çıxışlarında karyera inkişafında bilik və bacarıqların rolundan, karyera planlaşdırılmasının mərhələlərindən, məzunların əmək bazarına inteqrasiyasından bəhs ediblər. Həmçinin innovativ təşəbbüslərin dəstəklənməsi və mentorluq proqramlarının gənclərin peşəkar inkişafındakı əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışlarda ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əməkdaşlığın genişləndirilməsinin, tələbələrin əmək bazarının real tələbləri barədə məlumatlandırılmasının və onların gələcək peşə fəaliyyətinə hazırlığının vacibliyi vurğulanıb.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






