“Türk dünyası tarixinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Türk dünyasının qədim dövrdən müasir dövrədək tarixi inkişafının aktual problemlərinin araşdırılması, ortaq tarixi-mədəni irsinin öyrənilməsi və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə “Türk dünyası tarixinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransın açılış mərasimində Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edib. Prorektor tədbirin əhəmiyyətindən danışaraq Türk dünyasının ortaq tarixi irsinin araşdırılmasının, dövlətçilik ənənələrinin öyrənilməsinin və bu sahədə beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Prorektor belə elmi platformaların tədqiqatçılar arasında təcrübə mübadiləsinə, yeni elmi əlaqələrin qurulmasına və gənc alimlərin fəaliyyətinin təşviqinə mühüm töhfə verdiyini qeyd edib.
Konfrans çərçivəsində Türk dünyasının tarixi inkişaf mərhələləri, Azərbaycan türk dövlətçilik ənənələri, türk xalqları arasında tarixi-siyasi və diplomatik əlaqələr, ortaq etnomədəni irs, eləcə də müasir inteqrasiya prosesləri ətrafında elmi müzakirələr aparılıb.
Elmi konfransda Bakı Slavyan Univesitetinin əməkdaşları -Zeynəb Məmiyeva “I Türkoloji qurultayın tarixi və ideya irsi müasir türk dünyasının elmi-mədəni inteqrasiya konteksində”, Fatma Əsədova “Azərbaycan və Türkiyə türkcəsində ortaq leksik vahidlərin semantik fərqlənməsi”, Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Avropa İttifaqının xarici siyasətində Mərkəzi Asiya və enerji təhlükəsizliyi “, GDU-nun əməkdaşı Bəsirə Abbasova “Gənc nəsildə tarixi-mədəni irsə hörmət hissinin tərbiyə edilməsinin əhəmiyyəti” mövzularında çıxış ediblər.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə və Naxçıvan bölmələri, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, eləcə də digər yerli ali təhsil və elmi müəssisələrin əməkdaşları (canlı), həmçinin xarici ölkələrin nüfuzlu universitet və elmi-tədqiqat qurumlarının nümayəndələri (online) də iştirak ediblər.
Konfrans materiallarının elmi məqalələr toplusu şəklində nəşr olunması və türk xalqlarının ortaq tarixi-mədəni irsinin tədqiqinə dair elmi tövsiyələrin hazırlanması nəzərdə tutulub.
Beynəlxalq elmi forumda İsveç, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistanın, eləcə də Azərbaycanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə 25 qurum təmsil olunub, 80 elmi məqalə təqdim edilib.









