GDU-da tələbələr üçün elektron kitabxanadan istifadə qaydalarına dair təlim keçirilib
24 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin və Müasir Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün elektron kitabxananın imkanları və istifadə qaydalarına dair maarifləndirici təlim keçirilib. Təlimin açılışında Müasir Təlim Mərkəzinin müdiri, dosent İlqar Kubışov çıxış edərək universitet kitabxanasının əhəmiyyətindən, müasir dövrdə elektron kitabxana xidmətlərinin vacibliyindən və bu imkanlardan tələbələrin səmərəli istifadəsinin zəruriliyindən bəhs edib. İştirakçılara elektron kitabxananın imkanlarını əks etdirən bukletlər paylanılıb və qeydiyyat prosesi həyata keçirilib.
Daha sonra təlim Kitabxana-İnformasiya Mərkəzinin müdiri, təlimçi Ayşən Əhmədova tərəfindən davam etdirilib. İlk olaraq Mərkəzin fəaliyyəti, strukturu, fondları, oxuculara göstərilən xidmətlər və tələbələr üçün yaradılmış imkanlar haqqında ətraflı məlumat verilib.
Çıxış zamanı vurğulanıb ki, universitet kitabxanası təkcə kitabların saxlanıldığı məkan deyil, həm də elmi, tədris və intellektual fəaliyyətə dəstək olan, biliklərin əldə edilməsinə, paylaşılmasına və araşdırılmasına xidmət göstərən mühüm strukturlardan biridir.
Təlim çərçivəsində kitabxananın fəaliyyətini və elektron resursların imkanlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbirin praktiki hissəsində elektron kitabxana sisteminin idarə olunması və istifadə qaydaları proyektor vasitəsilə əyani şəkildə izah edilib. Platformaya giriş, qeydiyyat, elektron kataloqdan istifadə, zəruri ədəbiyyatların axtarışı və rəqəmsal resurslardan yararlanma imkanları nümayiş etdirilib.
Praktiki məşğələlər zamanı tələbələrin sualları fərdi qaydada cavablandırılıb, anlaşılmayan məqamlar ətraflı izah edilib. Birinci kurs tələbələrinin elektron kitabxana sistemində qeydiyyatı təlim zamanı elə tədbir yerində həyata keçirilib.
Təlimin əsas məqsədi tələbələrin kitabxana xidmətləri haqqında məlumatlılığını artırmaq, elektron informasiya resurslarından istifadə bacarıqlarını inkişaf etdirmək, müasir kitabxana xidmətlərinə əlçatanlığı genişləndirmək və onların müstəqil elmi-tədqiqat fəaliyyətinə dəstək göstərməkdir.
Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi müasir informasiya texnologiyalarının tətbiqi, elektron resursların təşviqi və tələbələrə göstərilən kitabxana-informasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.







