“Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami Gəncəvinin poetik irsindən istifadə” mövzusunda elmi seminar
Gəncə Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami Gəncəvinin poetik irsindən istifadə” mövzusunda elmi seminar keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında elmi seminarın əhəmiyyətindən danışıb, dahi şair Nizami Gəncəvinin poetik irsinin Azərbaycan şair və bəstəkarlarının tükənməz ilham mənbəyi olduğunu vurğulayıb.
Seminarda Gəncə Dövlət Univeristetinin Musiqi Fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva çıxış edərək öz elmi fəaliyyətində sözügedən mövzu üzrə araşdırmalar apardığına görə qürur hissi keçirdiyini qeyd edib.
Millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru, dosent Pərvin Kərimzadə belə tədbirlərin mənəvi dəyərlərimizin təbliği istiqamətində əhəmiyyət daşıdığını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.
Çıxışlardan sonra Gəncə Dövlət Universitetinin tələbə xor kollektivi Nizami Gəncəvinin sözlərinə bəstələnmiş və dahi şairimizə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti