Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Gəncə Dövlət Universitetində 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbirdə çıxış edərək bildirib ki, milli mətbuatımızın yaranmasından 150 il ötür.  Azərbaycan milli mətbuatı uzun və şərəfli yol keçərək müxtəlif tarixi dövrlərin sınaqlarından çıxıb, zamanla güclənərək bugünkü inkişaf səviyyəsinə çatıb. Bu inkişafın müasir mərhələsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mətbuatın azad və müstəqil inkişafına geniş imkanlar yaradılıb, jurnalistlərin hüquqlarının qorunması və peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görülüb. 1998-ci ildə Azərbaycanda senzuranın rəsmi şəkildə ləğv edilməsi isə təkcə mətbuat üçün deyil, bütövlükdə demokratik cəmiyyət quruculuğu baxımından mühüm dönüş nöqtəsi olub. Bu qərar sözə azadlıq, mətbuata yeni nəfəs, jurnalistlərə isə cəsarət verib.

Tədbirdə millət vəkili, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin “Mətbuat həyatın güzgüsü  – həqiqətin çarçısı“, “Yüksəliş” qəzetinin  baş redaktoru Qərib Mehdinin “Əkinçi”nin işığında “Yüksəliş” qəzeti”, qəzetin müxbiri Ümbülbanu Hacıyevanın “GDU-nun nailiyyətləri “Yüksəliş” qəzetində”, Firəngiz İsmayılovanın “İstedadlı tələbələr “Yüksəliş” qəzeti səhifələrində”, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Günay Məmmədovanın “Dövrün çağırışları və milli mətbuatımız” mövzularında məruzələri dinlənilib.  

Rektorun baş müşaviri Asif Cavadov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova,  Ümumi tarix kafedrasının müdiri Etibar Musayev,  İnformatika və cəbr kafedrasının müdiri İlqar Cabbarov çıxışlarında bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam şəkildə təmin olunur, müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilir. 44 günlük Vətən Müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşasında xüsusi səy göstərdi.

22 iyul – Milli Mətbuat Günü münasibətilə Gəncə Dövlət Universitetinin mətbuat sahəsində çalışan əməkdaşlarına mükafatlar təqdim olunub.

GDU-nun əməkdaşları onlara  göstərilən diqqətə və yaradılan şəraitə görə universitetin rektoru Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti