Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor Gülsüm  Fətəliyeva Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Onu da diqqətə çatdırdı ki, Bəxtiyar Vahabzadə xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr sənətkarın diqqət mərkəzində olub.

Tədbirdə Azərbaycan dili kafedrasının əməkdaşları- dosent Yadigar Əliyev“Bəxtiyar Vahabzadənin dil novatorluğu”,  Mətanət Mahmudova “Milli istiqlal şairi”, Ruhanə Xambatova “B.Vahabzadənin dilində məcazlar sistemi”, Günel Məmmədova “Bəxtiyar Vahabzadə yaradıcılığında leksik semantik söz qrupları” mövzusunda çıxışlar edərək şairin dilində işlənən bənzərsiz linqvistik vahidlər, onların semantikası, obrazlılıq göstəriciləri və s. haqqında geniş məlumat verdilər. Qeyd olundu ki, Bəxtiyar Vahabzadə  bütün ömrü boyu milli dilimizin  təəssübünü, qayğısını çəkmiş və bu istiqamətdə xeyli iş görmüş, dilimizin incəliklərindən, sözdən böyük məharət və incə zövqlə istifadə etmişdir.

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosentləri -Qivami Qazıyev “Müstəqilik ideyasının carçısı”, Yeganə Hüseynova “Milli ruhun təcəssümçüsü” mövzusunda çıxışlarında şairin yaradıcılığının bədii xüsusiyyətləri haqqında məlumat verdilər, onun Azərbaycan ədəbiyyatının inkişafında, milli məfkurənin formalaşmasında göstərdiyi xidmətlərdən danışdılar. 

Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi, şairin öz səsi ilə “Ana dilim” və  “Ana” şeirləri səsləndirildi.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti