Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır

     Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, növbədənkənar Prezident seçkilərinə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

     Dövlət başçısı İlham Əliyev televiziya kanallarına müsahibəsi zamanı qeyd etdi ki,  1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır.

     Dövlət başçısı Cənab İlham Əliyevin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı.

    Sözügedən müsahibə hazırkı dövrün əsas çağırışı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri və onların əsasında soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı barədə də dolğun məlumatı xalqımıza çatdırdı.

    Son üç ildə bu istiqamətdə görülən işlərin davamı olaraq infrastruktur layihələrinin icrası davam etdiriləcək. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə dövlət başçısı tərəfindən təsdiqlənəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı əsas alətimizdir. Keçmiş köçkünlərin bu il beş şəhərə – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqları nəzərdə tutulub. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması planlaşdırılır. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.

          Dövlət başçısı Cənab İlham Əliyevin müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibə dövlət başçısı Cənab İlham Əliyevin mediaya açıqlığını bir daha təsdiqlədi.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti