Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır

Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, bizim xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir.

  Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı xalqımızın göstərdiyi dəstəyin fonunda da bu qardaşlıq münasibətləri açıq nəzərə çarpır.

  Dövlətimizin başçısı Cənab İlham Əliyevin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda yaralananlara şəfa diləyib, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Dövlətimizin başçısı daha sonra Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək, burada qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

   Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində etdiyi paylaşımda Türkiyədə yaşanan dəhşətli hadisənin ağır nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirərək, faciə qurbanlarına Allahdan rəhmət diləyib, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

  Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən fəlakət bölgəsində çətinliklərlə üzləşən insanlara yardım göstərmək üçün bütün lazımi tədbirlər görülür. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. Hava və quru yolu ilə humanitar yardımlar çatdırılıb və çatdırılmaqda davam edir. Dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar.

    Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilib. Sadə vətəndaşlar öz imkanlarını bu işə səfərbər edib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım göndərilib.

    Bunlarla yanaşı, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar.

    Bütün bunlar, mərhəmət, şəfqət, humanizm nümunəsi olmaqla yanaşı, həm də milli birliyimizin göstəricisidir. Azərbaycanda dövlət və xalq arasında milli həmrəyliyin, qarşılıqlı etimadın, inamın ifadəsidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti