BAKI DÖVLƏT UNİVERSİTETİNİN MƏZUNLARI OLMUŞ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN GÖRÜŞÜ
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir.
Bu fikirlər, Gəncə Dövlət Universitetində(GDU) keçirilən Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirə GDU-nun professor-müəllim heyəti və eləcə də, BDU-nun məzunları olmuş nümayəndələr qatılıblar.
Yubileyə həsr edilmiş tədbir BDU-nun məzunu olmuş GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın çıxışı ilə başlayıb. Prorektor çıxışında Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Millət vəkili və eləcə də BDU-nun məzunu olan Pərvin Kərimzadə vurğulayıb ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr öncə Azərbaycan xalqının tarixində önəmli iz buraxıb. Cəmi 23 ay sürən həmin dövr Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb, onlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.
Prorektor Pərvin Kərimzadə Ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən BDU-nun yubileyinin müxtəlif səviyyələrdə, o cümlədən Gəncə Dövlət Universitetində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qayğı kimi yüksək dəyərləndirib.
Universitetin keçdiyi şərəfli yola qısa ekskurs edən Pərvin xanım Kərimzadə vurğulayıb ki, bu tarixi inkişaf mərhələsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Cəmi iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün minlərlə tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan BDU bu gün iki elmi-tədqiqat institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri, böyük kitab fondu olan kitabxanası və digər üstünlükləri ilə tanınır.
Universitetin məzunları arasında dünya şöhrətli alimlər, siyasi xadimlər, görkəmli şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev, Nobel mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrətli riyaziyyatçı Zahid Xəlilov, tanınmış şərqşünas alim Aida İmanquliyeva və digər onlarca məşhur sima bu şərəfli siyahıda yer tutur.
Universitetin bu günü haqqında danışarkən Pərvin Kərimzadə dünyanın tanınmış ictimai-siyasi xadimlərinin bu universitetin fəxri doktoru olduğunu diqqətə çatdırıb. Bildirib ki, biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyahıdadırlar.
Görüşdə BDU-nun məzunu olan professor-müəllim heyəti öz xatirələrini bölüşüb, bu illər ərzində qazandıqları uğurlardan danışıblar.
BDU-nun yaradılmasının 100 illik yubileyi münasibəti ilə keçirilən görüşün əlamətdar hadisə olduğunu qeyd ediblər.
Görüşdə iştirak edən universitetin professor-müəllim heyəti olan BDU məzunları GDU-nun rektoru, eləcə də BDU-nun məzunu olmuş professor Yusif Yusibova pedaqoji fəaliyyətlərində daim onlara göstərdiyi diqqət-qayğıya görə təşəkkürlərini bildiriblər. Tədbirin təşkilatçılarına da öz minnətdarlıqlarını çatdıran məzunlar bu gün keçirilən görüşdə yenidən tələbəlik illərinə qayıtdıqlarını və xoş xatirələrlə o illəri xatırladıqlarını qeyd ediblər.