Birinci vitse-prezident Mehriban xanım Əliyeva fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

   Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir.

   Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan ziyalı ailəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərib. Sonradan taleyi Azərbaycanın tanınmış bir ailəsinə bağlanıb – Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın gəlini olub.

    

    Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

   Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə Ümummilli Liderimizin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji – humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlir, xalqımızın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüskarı və fəal icraçısıdır.   

Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu iyirmi ilə yaxındır ki, Ulu Öndərin ideyalarının reallaşdırılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, sosial rifaha hesablanmış addımlar, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına yönəlmiş layihələrə verilən dəstək, xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilməsi üçün göstərilən aramsız səylər bu qəbildəndir. Fondun xətti ilə hətta respublikamızın ən ucqar nöqtələrində inşa və bərpa edilən məktəb binaları, tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.

    Eyni zamanda, yer üzündə sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoq mühitinin formalaşması, tarixi-mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə Mehriban xanım Əliyevanın verdiyi şəxsi töhfələr, etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir və öyrənilir.  

     Mehriban xanım multikultural dəyərlərin və milli mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmadan fəaliyyət göstərir. Məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

    2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi idi. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”, – həmin vaxt dediyi bu sözlərə sadiq qalaraq dövlətçiliyə layiqincə xidmət edir, üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur.

    Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı kimi milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, o, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin rifahının yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin və qazilərimizin qayğıları ilə yaxından maraqlanır. Yaralanmış hərbçilər Fondun xətti ilə müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibə zamanı sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

  Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır.

  Səhiyyə sahəsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

     Birinci vitse-prezidenti köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Onlar Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

    Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki sözlər hər birimizin yaddaşındadır: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində həyata keçdi. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində öz azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.

   Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır.

    Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür. Gəncə Dövlət Universitetinin kollektivi adından doğum günü münasibəti ilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır, millətimizin rifahı və dövlətçiliyimizin inkişafı yolunda fədakar fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

REKTORLUQ