ÇANAQQALA ZƏFƏRI – 100


24 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində “Çanaqqala zəfəri – 100” adlı Elmi- praktik konfrans keçirilmişdir. Konfransda Türkiyənin Gəncə şəhərindəki konsulu Orxan İşık, Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektoru Asif Cavadov, müəllim və tələbə heyəti iştirak etmişdir.
Konfransda ilk öncə  hər iki dövlətin Dövlət Himnləri səsləndirildi. Humanitar məsələlər üzrə prorektoru Asif Cavad qardaş ölkə olan Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşığı, gələn qonaqları, müəllim və tələbə heyətini salamlayaraq, Çanaqqala döyüşü haqqında məlumat verdi. Qeyd etdi ki,  Çanaqqala döyüşü Birinci Dünya müharibəsi əsnasında 1915-1916-cı illər arasında Osmanlı Dövləti ilə Antanta Dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı bir hərbi ticarət yolu açmaq, Alman müttəfiqlərindən birini zəiflətmək məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumlar onlara qələbə gətirə bilməmiş, hər iki tərəfin  çox ağır itkilər verməsilə nəticələnən bu döyüşdə İttifaq Dövlətləri geri çəkilməyə məcbur olmuşlar. Çanaqqala döyüşü Osmanlı Dövlətinin möhtəşəm qələbəsi kimi onu məhv olmaqdan xilas etmiş, əfsanələşərək, yaddaşlara hopub bu günədək yaşamışdır. Bir millətin gücünü ortaya çıxararaq nəyə qadir olduğunu göstərən  bu döyüş Türk Qurtuluş Döyüşünə də təsir etmişdir. Bu döyüşdə Türkiyə 250 min şəhid vermişdir.Türkiyə Cumhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün- 18 mart  Çanaqqala Şəhidlərini Anma Günü elan edilmişdir.
Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık Azərbaycanda, Gəncə şəhərində olduğu 8 ay müddətində ona və ailəsinə göstərilən yüksək qayğıdan ürək dolusu danışaraq öz minnətdarlığını bildirdi. Daha sonra, Çanaqqala zəfərinin 100 illiyinin bütün türk dünyasıda böyük bir bayram olduğunu vurğuladı. 1915-ci ildə başlayan Çanaqqala döyüşü 1916-cı ildə tamamlanmışdır. Türkiyə bu döyüşlə dünyaya qələbə təbilini çaldı. Qələbədə “Anafartalar Qəhrəmanı” adı ilə tanınan Mustafa Kamal Atatürkün  böyük rolu olmuşdur.
Orxan İşık çıxışının sonunda bir daha Universitetin rektoru professor Yusif Yusibova, ona böyük qayğı bəsləyən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir.
Ümumi tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov “Çanaqqala zəfəri-Türkün şanlı zəfəri”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Çanaqqala zəfəri və Azərbaycan” və Sosial fənnlər kafedrasının müdiri, dosent Cavad Tağıyev “Qondarma Erməni soyqırımı” mövzusunda  çıxış etmişlər.