DIRNA LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MƏLUMATLANDIRMA GÜNÜ TƏŞKİL OLUNUB

Xəzər Universitetinin koordinatoruluğu və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA) adlı Avropa Komissiyası Erasmus+ layihəsi çərçivəsində məlumatlandırma günü təşkil edilib.

Universitetin professor-müəllim heyəti və tələbələr üçün təşkil olunan tədbirdə iştirakçılara layihə haqqında məlumat verilib. Eyni zamanda qeyd edilib ki, layihənin məqsədi təkcə keyfiyyətli elmi tədqiqatın üzə çıxması və idarə olunmasını təkmilləşdirmək deyil, həm də tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləmək, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlamaq və təşviq etməkdir. İştirakçıların nəzərinə çatdırılıb ki, layihə açıq girişi olan institusional repozitorlar şəbəkəsinin yaratmaq və səkkiz aparıcı Azərbaycan universitetində tədqiqat nəticələrinin idarə edilməsi kontekstində potensialın artırılması məqsədi daşıyır.

Layihəyə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsi daxildir. Azərbaycan ali təhsil müəssisələrindən tərəfdaşlar aşağıdakılardır: Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Texniki Universitet, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti. Avropalı tərəfdaşlar isə Jyväskylä Universiteti (Finlandiya), İzmir Texnologiya İnstitutu (Türkiyə), Università degli Studi dell’Aquila-(İtaliya) universitetləridir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti