DIRNA layihəsi çərçivəsində onlayn seminar təşkil edilib

27 oktyabr 2025-ci il tarixində Xəzər Universitetinin Kitabxana Məlumat Mərkəzinin (KİM) direktoru Aytac Misgərlinin moderatorluğu ilə bütün tərəfdaş universitetlərin iştirakı ilə DIRNA layihəsinin 4-cü iş paketi üzrə növbəti onlayn görüş keçirilib. Görüş “İnklüziv təhsildə əsas konsepsiyalar və mövcud trendlər” mövzusuna həsr olunub.

Seminar zamanı Xəzər Universiteti tərəfindən əlaqələndirilən DIRNA layihəsində tərəfdaş olan Finlandiyadakı Jyväskylä Universitetinin əməkdaşları Dr. Kati Clements və Saana Mehtälä “Gender bərabərliyi”, “İnklüziv təhsil təcrübələri və dəstək sistemləri”, “Jyväskylä Universitetində inklüziv təhsil təcrübələri” və “İnklüziv təhsil və süni intellektdə gələcək istiqamətlər” kimi mövzularda təqdimatlar edilib və təcrübələrini iştirakçılarla bölüşüb.

Təqdimatlar zamanı inklüziv təhsilin fundamental konsepsiyaları və bərabər imkanların təmin edilməsi məsələləri ətraflı müzakirə edilib. Ekspertlər bütün fərdlərin tam iştirak edə biləcəyi əlçatan və bərabər mühitlərin yaradılmasının vacibliyini vurğulayıb. Seminar zamanı əlilliyi olan tələbələrin təhsil prosesində üzləşdikləri çətinliklər və onların ehtiyaclarına uyğun fərdi düzəlişlərin əhəmiyyəti də müzakirə edilib. Klements və Mehtälä süni intellektin müxtəliflik və inklüzivlik sahəsində tətbiqi ilə bağlı tədqiqatların aparılmasının zəruriliyini qeyd edib.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və inklüziv təhsil mövzusunda gələcək müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib.