DIRNA Layihəsi çərçivəsində “İnstitusional Repozitoriyaların tətbiqi planı” mövzusunda vebinar təşkil edilib

24 yanvar 2025-ci il tarixində Xəzər Universitetinin koordinasiya etdiyi və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ KA2 proqram layihəsi olan “Azərbaycanda İnstitusional Repozitoriya Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) çərçivəsində beşinci iş paketi ilə uyğun olaraq “İnstitusional Repozitoriyanın Tətbiqi Planı” adlı vebinar keçirilib.

Vebinarda İzmir Texnologiya İnstitutunun Kitabxana direktoru Gültekin Gürdal təqdimatla çıxış edib. Vebinarda Xəzər Universitetinin və DIRNA layihəsində iştirak edən tərəfdaş qurumların, o cümlədən Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Gömrük Komitəsi Akademiyasının, Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin nümayəndələri iştirak edib.

Vebinar zamanı DIRNA layihəsi çərçivəsində yaradılacaq vahid İnstitusional Repozitoriyanın strukturu, tərəfdaş universitetlərin bu vahid sistemə inteqrasiyası, işi yerinə yetirmək üçün hər bir universitetdən məsul işçilərin təyin edilməsi və repozitoriyanın digər tədqiqat sistemləri ilə potensial qarşılıqlı əlaqəsi müzakirə edilib.

Nəticədə, DIRNA layihəsinin davamlılığı üçün güclü texniki infrastruktur və insan resursları inkişaf etdirmək, milli və beynəlxalq əməkdaşlığı artırmaq və tədqiqat nəticələrinin əlçatanlığını və davamlılığını artırmaq üçün strateji plan hazırlanmalı olduğu qənaətinə gəlinib.