DIRNA layihəsi çərçivəsində RIMS sisteminin təqdimatı təşkil edilib
30 sentyabr 2025-ci il tarixində DIRNA layihəsinin işçi qrupu tərəfindən universitetin fakültə və kafedra rəhbərlərinə RIMS sistemi (https://rims.khazar.org/communities/90349137-ec95-4895-be7d-d92c75ea7dc9) haqqında ətraflı məlumat verilib.
Görüş zamanı İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov layihə çərçivəsində yaradılmış RIMS platforması haqqında ətraflı məlumat verib. Platforma üzərində hər bir fakültənin ayrıca səhifəsinin yaradıldığını qeyd edib. Hər bir fakültə nəzdində yerləşən kafedraların elmi-tədqiqatçılarının elmi əsərləri uyğun formada əlavə ediləcəkdir. Bunun nəticəsində həmin əsərlərin ictimaiyyət tərəfindən əlçatanlığı təmin ediləcəkdir.
Vasif Həsənov RIMS sisteminin funksional imkanlarını izah edib, sistemin universitet administratoru tərəfindən müstəqil idarə olunmasını vurğulayıb və profillərin düzgün doldurulmasının vacibliyini qeyd edib.
O, həmçinin istifadəçi fəaliyyəti və tədqiqat nəticələri ilə bağlı statistikanı təqdim edib. Platforma struktur bölmə rəhbərləri tərəfindən böyük maraqla qarşılanıb. Bəzi struktur bölmə rəhbərləri sistemin işlək və dayanıqlı olması üçün öz tövsiyələrini bölüşüb.
Sistemə müvafiq məlumatlar daxil edildikdən sonra struktur bölmə rəhbərləri ilə yenidən görüşün keçirilməsi planlaşdırılıb.





