Əlilliyi olan tələbələrin psixoloji dəstəklənməsi məqsədilə mentorluq proqramı müzakirə olunub
Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün mərkəzin illik iş planına uyğun olaraq “Akademik və psixoloji dəstək” fəaliyyəti çərçivəsində “Mentorluq proqramının tətbiqi” mövzusunda görüş keçirilib.
Görüşdə Mərkəzin direktoru Turanə Qurbanova, Psixologiya kafedrasının müdiri, dos. Zümrüd Cavadova və kafedranın bir qrup müəllimləri iştirak ediblər. Tədbirin əsas məqsədi universitetdə təhsil alan əlilliyi olan tələbələrə göstərilən psixoloji dəstək xidmətlərinin təkmilləşdirilməsi, bu istiqamətdə mentorluq fəaliyyətinin təşkili və əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Tədbir zamanı tələbələrin akademik və sosial mühitə uğurlu inteqrasiyasının təmin edilməsində psixoloji dəstəyin rolu, inklüziv təhsil mühitinin formalaşdırılması və mentorluq proqramının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, əlilliklə bağlı məlumatlar şəxsi və konfidensial xarakter daşıdığından, bu məsələyə həssas yanaşmanın qorunması xüsusi əhəmiyyət kəsb edir.
Müzakirələrin nəticəsi olaraq müəllimlərin tədris prosesində fərqlilik və inklüzivlik prinsiplərini nəzərə almaları, tələbələrin fərdi ehtiyaclarına həssas yanaşmaları və ehtiyac yarandığı hallarda sağlamlıq imkanları məhdud tələbələrin fərdi qaydada psixoloji dəstək xidmətlərinə yönləndirilməsi məqsədəuyğun hesab edilib.
Görüş iştirakçıları mentorluq proqramının tətbiqinin sağlamlıq imkanları məhdud tələbələrin universitet mühitinə adaptasiyasına, onların akademik nailiyyətlərinin artırılmasına, psixoloji rifahının dəstəklənməsinə və sosial iştirakçılığının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.
Tədbir qarşılıqlı müzakirələr, təkliflərin dinlənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə yekunlaşıb.



