Elmi-Tədqiqat Arxivinə dair siyasət sənədləri təqdim olunub

Xəzər Universitetinin koordinatoruluğu və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA) adlı Avropa Komissiyası Erasmus+ layihəsi çərçivəsində yaradılmış Elmi-Tədqiqat Arxivinə dair siyasət sənədləri professor-müəllim heyəti və tələbələrə təqdim edilib. Tədbirdə layihə çərçivəsində hazırlanmış aşağıdakı siyasət sənədlər haqqında ətraflı məlumat verilib:

  • Elmi-Tədqiqat Arxivinə Dair Metaməlumatlar Siyasəti
  • Elmi-Tədqiqat Arxivində Məlumatlarin Qorunma Siyasəti
  • Elmi-Tədqiqat Arxivindən İstifadə Siyasəti
  • Elmi-Tədqiqat Arxivindən İstifadəyə Dair Müqavilə
  • Elmi-Tədqiqat Arxivinə Açiq Girişə Dair Təlimatlar

Tədbirdə iştirakçılara “DİRNA” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, layihə açıq girişi olan institusional repozitorlar şəbəkəsinin yaratmaq və səkkiz aparıcı Azərbaycan universitetində tədqiqat nəticələrinin idarə edilməsi kontekstində potensialın artırılması məqsədi daşıyır. Layihəyə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsi daxildir. Azərbaycan ali təhsil müəssisələrindən tərəfdaşlar Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti,  Texniki Universitet, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.