“EQAC” layihəsinin açılış mərasimi keçirilmişdir
Aprel ayının 24-də Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa kommisiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin açılış mərasimi keçirilmişdir.
Boulevard oteldə keçirilən görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı, Avropanın Böyük Britaniya, İspaniya, İsveç, Litva universitetlərinin və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbərliyi, millət vəkilləri, müxtəlif ali məktəblərin rəhbərləri iştirak ediblər. Açılış mərasimini giriş sözü ilə BBU-nun rektoru professor İbad Abbasov açaraq tədbir iştirakçılarını və qonaqları salamladı və layihə ilə bağlı məlumat verdi. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov layihənin həyata keçirilməsinin Azərbaycan universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün Azərbaycan universitetlərinə tətbiqini məqsədyönlü hesab etdiyini bildirdi. Bundan sonra avropadan olan tərəfdaş universitetlərin nümayəndələri çıxış edərək layihənin əhəmiyyəti və layihədə avropalı tərəfdaşların rolu haqqında danışdı. Tədbirin sonrakı mərhələsində yerli universitetlərin nümayəndələri öz universitetləri haqqındı və universitetlərdə keyfiyyətin təminatı ilə bağlı təqdimat etmişdir.
Aprelin 25-də layihə çərçivəsində təlimlər Bakı Biznes Universitetində davam etdirildi. Təlimlər zamanı qeyd edilmişdir ki, layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və bu mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Bundan başqa iclas zamanı layihə çərçivəsində həyata keçiriləcək təlimlər, yerli və xarici səfərlər, onların idarə olunması məsələləri, və universitetlərdə keyfiyyətin təminatı ilə bağlı idarəetmə sisteminin qurulması məqsədilə onlayın platforma yaradılacağı bildirilib.
Gəncə Dövlət Universitetinin də iştirak etdiyi beynəlxalq layihənin açılış tədbirində, universitetimizi Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin Direktoru Vasif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil etmişdir.