Fərəh Sosial İctimai Birliyinin üzvləri GDU-nun “Əlilliyi olan tələbələr üçün Mərkəz”ində

Fərəh Sosial İctimai Birliyinin idarə heyəti və üzvləri Gəncə Dövlət Universitetinin  “Əlilliyi olan tələbələr üçün Mərkəz”ində olublar.

Mərkəzin direktoru Turanə Qurbanova universitetdə sağlamlıq imkanları məhdud tələbələr üçün yaradılan şərait haqqında ətraflı məlumat verib.

“Əlilliyi olan tələbələr üçün Mərkəz”lə tanışlıqdan sonra Fərəh Sosial İctimai Birliyi tərəfindən burada Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın poeziya gecəsi keçirilib.

Tədbirdə Fərəh Sosial İctimai Birliyinin sədri İlqar Hümbətov, layihənin rəhbəri Sevinc Məmmədova, birliyin üzvləri Ruslan Kərimov, Rüstəm Bayramov, qonaq qismində dəvət olunmuş İmamverdi Vəliyev, Əsgər Məmmədov, Mətanət Məmmədova çıxış edərək Gəncə Dövlət Universitetində hər bir tələbə üçün bərabərhüquqlu təhsil mühitinin formalaşdırılması, sağlamlıq imkanları məhdud tələbələrin hüquqlarının təmin olunması, onların təhsilə bərabər çıxış imkanlarının yaradılması və inklüziv dəyərlərlə bağlı yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Tədbirin davamında Fərəh Sosial İctimai Birliyinin üzvləri Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirlərini səsləndiriblər.

Qonaqlar Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Nuru Paşa adına Kitabxana və dərs auditoriyaları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti