Fizika kafedrasının əməkdaşları “Fizikanın aktual problemləri” adlı respublika elmi konfransında iştirak ediblər

                 29 noyabr 2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin əməkdaşları- Fizika kafedrasının  müdiri, dosent Yəhya Namazov və dosent Vaqif  Rüstəmov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən  “Fizikanın aktual problemləri” adlı  respublika elmi konfransında  iştirak ediblər. 

     Konfransda tədbirin elmi-praktik əhəmiyyətindən və fizika elminin inkişaf istiqamətlərinin genişləndirilməsi baxımından vacibliyindən danışılıb. Azərbaycanda fizika elminin inkişaf tarixi və azərbaycanlı alimlərin bu sahə üzrə dünya elminə verdiyi töfhələrdən bəhs edilib. Vurğulanıb ki, müasir dövrün tələblərinə cavab verən elmi texnologiyaların, cihaz və avadanlıqların ölkəmizə gətirilməsi və geniş praktik tətbiqinin həyata keçirilməsi qarşıda duran vacib məsələlərdəndir. Bəzi hallarda isə istifadə üçün müasir, yeni nəsil cihaz və avadanlıqlar gətirilsə də, bu texnologiyalardan istifadə edə bilən mütəxəssislər kifayət qədər deyil. Bu problemin aradan qaldırılması üçün yerli gənc mütəxəssislərin inkişaf etmiş və elmin inkişaf səviyyəsi ilə fərqlənən ölkələrin aparıcı elmi mərkəzlərində təcrübə keçmək üçün ezam edilmələri, daha sonra əldə etdikləri bilik və bacarıqları ölkəmizdə tətbiq etmələri xüsusi diqqətdə saxlanılmalıdır.

       Konfransa 130-dan çox məruzə təqdim edilib. Pedaqoji Universitetlə yanaşı Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin əməkdaşları da  konfransa məqalə təqdim ediblər.

      Plenar iclasda Fizika kafedrasının dosenti Vaqif  Rüstəmovun “TLİnSe2 kristallarında köçürmə hadisələrinə yeni baxış” mövzusunda məruzəsi maraqla dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti