GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI QEYD EDİLİB

Dekabrın 28-də Gəncə Dövlət Universitetində (GDU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənə ilə qeyd edilib.

Bayram tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov başa çatmaqda olan ilin yekunlarından, 2020-ci ildə qarşıda duran vəzifələrdən söz açıb.

2019-ci ilin Azərbaycanın bütün sahələrdə dinamik inkişafı üçün uğurlu il olduğunu deyən Yusif Yusibov qeyd edib ki, bu il Gəncə Dövlət Universiteti üçün də yüksək nailiyyətlərlə yadda qalıb. Belə ki, bu il universitetin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı daha da müasirləşdirilib, beynəlxalq əlaqələrin coğrafiyası genişləndirilib. Ali təhsil müəssisəsinin yerli və xarici universitetlərlə birgə icrasına qoşulduğu beynəlxalq proqramların sayı artıb. GDU-da keçirilən fənn olimpiadalarının, musiqi festivallarının və idman yarışlarının hər biri yalnız universitet üçün deyil, həm də Gəncə üçün ümumşəhər tədbirinə çevrilib. Tələbələr universitet daxilində təşkil edilmiş yarışlarla yanaşı, bir çox yerli və beynəlxalq turnirlərdə və çempionatlarda iştirak edərək uğurlu nəticələr göstəriblər. Elm-təhsil sahəsində, eləcə də ictimai və sosial həyatda qazanılan uğurlar bir çox sərgilərdə, həmçinin Beynəlxalq Təhsil “EduExpo” sərgisində nümayiş etdirilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin dünyanın fərqli coğrafiyalarında yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin yaradılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyən rektor bu tarixin bayram günü kimi qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.

Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

2019-cu ilin universitet kollektivi üçün yüksək nailiyyətlər ili kimi yadda qalacağını deyən rektor, qarşıda duran vəzifələrdən söz açaraq kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Bayram tədbirində 2019-cu ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən müəllimlərə fəxri fərmanlar təqdim olunmuşdur.

Bayram tədbiri universitetin istedadlı tələbələrinin ifasında səsləndirilən bayram ovqatlı, şən mahnılarla  yaddaqalan olmuşdur.