GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru Yusif Yusibov iclası giriş sözü ilə açaraq qarşıdan gələn Novruz bayramı münasibətilə ali təhsil ocağının əməkdaşlarını təbrik edib, ən xoş arzularını bildirib.
Uzunmüddətli səmərəli fəaliyyətləri və yubileyləri münasibətilə GDU-nun Fəxri professoru, Kimya kafedrasının dosenti Elxan Cəfərova və Fizika və Texniki fənlər fakültəsinin dekanı Muğan Quliyevə Fəxri Fərman təqdim edilib.
Rektor Yusif Yusibov Kimya kafedrasının əməkdaşı Xəyalə Kəsəmənlinin Üzvi kimya ixtisası üzrə dosent elmi adı alması münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq attestatı təqdim edərək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
İclasda o da bildirilib ki, Rusiya Federasiyasının Orenburq Vilayətində “Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti” adlı təşkilat tərəfindən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Poeziyanın sirləri: Füzuli irsi ilə dialoq” mövzusunda keçirilmiş müsabiqədə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər fakültələrinin müəllim və tələbələri videoçarx vasitəsi ilə iştirak etmiş, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova və Rus dili kafedrasının dosenti Sevda Əliyeva tələbələrin hazırlığına göstərdikləri böyük dəstəyə görə təşkilatın “Təşəkkürnamə”sinə və Filologiya ixtisasının I kurs tələbəsi Təhminə Kamalova müsabiqənin I dərəcəli Diplomuna layiq görülmüşlər. Əməkdaşlarımız və tələbəmiz bu münasibətlə təbrik olunub.
Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən təsdiq edilmiş Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə hazırlanmış Fəaliyyət Planı razılaşdırmaq məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) göndərilmiş və nəticədə TKTA tərəfindən Fəaliyyət Planı sənədinin icrasına razılıq verilmişdir.
İclasda Fəaliyyət Planı Elmi Şura üzvləri tərəfindən müzakirə olunub və sənəd səsə qoyularaq yekdilliklə təsdiq edilib.
Elmi Şurada gündəlikdə duran digər məsələlər – Əyani və qiyabi təhsil üzrə 2024/2025-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında Tədris məsələləri üzrə prorektor Şahin Xurşudovun, 2025-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin, tematik planların müzakirəsinə dair Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadənin, Təhlükəsizlik xidmətinin 2024-cü ildə gördüyü işlər haqqında Universitetin Təhlükəsizlik xidmətinin rəisi Xəqani Umudovun hesabat və çıxışları dinlənilib.
İclasda gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şuranın iclasında Tovuz Eminlinin “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə, Samirə Qasımovanın “Müqayisəli-tarixi və müqayisəli–tipoloji dilçilik” ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
Elmi Şuranın iclasında Novruz bayramı münasibətilə Gəncə Dövlət Universitetinin bütün əməkdaşlarına pul mükafatının verilməsi barədə qərar qəbul olunub. Eləcə də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq “Gənc alimlərin beynəlxalq konfransı”nın təşkil olunması məsələsi səsə qoyularaq təsdiq olunub.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti