Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov İnformatika və cəbr kafedrasının əməkdaşı Kəmalə Salmanovanın Kompüter elmləri ixtisası üzrə dosent elmi adı və İdarəetmə kafedrasının müəllimi Həcər Orucovanın Ümumi iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq attestatı və diplomu təqdim edərək onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda Gəncə Dövlət Universitetinin komandalarının qazandığı uğurlardan danışılıb, bu münasibətlə xoş sözlər söylənilib. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş orta ixtisas və ali təhsil müəssisələri arasında keçirilən idman, bilik və debat yarışlarında Gəncə Dövlət Universitetinin komandaları 1-ci yerə layiq görülüb.
Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Tədris Departamentinin direktoru Elturan Yusifov yaz imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Qeyd edib ki, imtahan sessiyasının mövcud Əsasnamələrə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb, imtahanla əlaqədar təlimat hazırlanıb. Universitet üzrə əmrə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı, İmtahan Mərkəzi, Apellyasiya Komissiyası və İctimai Nəzarət Şurası təşkil olunub. O da bildirilib ki, imtahan sesiyasının 2 iyun 2025-ci il tarixində başlaması və 4 iyul 2025-ci il tarixində yekunlaşması nəzərdə tutulur.
İclasda GDU Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərovanın TEC xətti ilə aparılan elmi-tədqiqat işləri haqqında çıxışı dinlənilib. TEC sədri tələbələrin elmi fəaliyyətə cəlb olunması, onların tədqiqat vərdişlərinin formalaşdırılması və bu sahədə sistemli işin təşkili, keçirilən elmi konfrans, seminar, bilik yarışı, olimpiada, müsabiqə, təlim və ustad dərsləri, eləcə də görüləcək işlər haqqında ətraflı məlumat verib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş edilib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti