Gəncə Dövlət Universitetində elmi şuranın iclası keçirilib

               Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın  növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan öncə  universitetin rektoru Yusif Yusibov GDU Tələbə Gənclər Təşkilatının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Ağ Çinar” mükafatına layiq  görülməsi münasibəti ilə təbrik edib və gənclərə uğurlar arzulayıb.

           Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

      Elmi Şurada birinci məsələ –  Payız imtahan sessiyasının gedişi haqqında Tədris məsələləri üzrə prorektor Şahin Xurşudovun çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki,  cari tədris ilinin payız semestrinin imtahan sessiyası 6 yanvar 2025-ci il tarixdə başlayıb və 31 yanvar 2025-ci il tarixində yekunlaşıb. İmtahan sessiyası yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilib. İmtahanların keçirilməsi üçün bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə  İmtahan Qərargahı,  Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. Bununla yanaşı auditoriyalarda imtahan sessiyasını  yaxından izləmək üçün Mediatur da təşkil olunub.

            Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə GDU-nun professor-müəllim heyətinin 2024-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nə­ticələri barədə məlumat verib. Qeyd edib ki,  21 nəfər fəlsəfə doktoru diplomuna, 1 nəfər professor, 4 nəfər isə dosent elmi adına layiq görülüb.

       Daha sonra Universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icrasına dair fəaliyyət planı barədə  çıxış edib.

      Elmi Şuranın iclasında Vəfa Məmmədovanın  “Zoologiya” ixtisası üzrə professor, Günay Kazımovanın “Pedaqoji psixologiya” ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.

    Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti