Gəncə Dövlət Universitetində “Gənc alimlərin” elmi konfransı keçirilib

          Gəncə Dövlət Universitetində gənc alimlərin Konstitusiya və suverenlik ilinə həsr olunan elmi konfransı keçirilib. Konfransı Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq iştirakçıları salamladı və konfransın işinə uğurlar arzuladı.  Prorektor qeyd etdi ki, 1993-cü ildə xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunubdur. Bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.

     Konfransda Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək bildirdi ki, Konstitusiya və suverenlik ilinə həsr olunan “Gənc alimlərin” elmi konfransının keçirməkdə məqsəd gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirməkdir. Pərvin Kərimzadə həmçinin onu da diqqətə çatdırdı ki, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

     Konfransda həmçinin İnnovasiyalar Departamenti İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri, Nizami Gəncəvi adına Gənc Alimlər Şurasının sədri Aynur Qasımova, eləcə də  İnnovasiyalar Departamenti İnnovasiya Texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev də çıxış edərək gənc alimlərə öz tövsiyələrini veriblər. Gənc alimlərin yazdıqları elmi məqalələrin dərc olunmasının vacibliyi, həmçinin gənc alimlərin əməkdaşlığının onların elmi fəaliyyətinə təsirinin əhəmiyyəti vurğulanıb.

    Konfransda gənc alimləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra  gənc alimlərin məruzələri bölmələr üzrə dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti