Gəncə Dövlət Universitetində görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi qeyd edilib

   Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində  Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə bağlı təbir keçirilib.

Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova,  dosent Qivami Qazıyev, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova,  eləcə də Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının ikinci kurs tələbələri Sara Vəliyeva və Aysu Allahverdiyeva çıxış edərək  akademik Zərifə xanımın keçdiyi şərəfli həyat və elm yolundan danışıblar. Qeyd edilib ki, Zərifə xanım Əliyeva öz müstəsna elmi nailiyyətləri, yüksək peşəkarlığı və fədakar fəaliyyəti ilə Azərbaycan səhiyyə tarixində silinməz iz qoyub. Zərifə xanım yalnız böyük alim deyil, həm də böyük insan, qayğıkeş ana, vətənpərvər və əsl ziyalı idi. Zərifə Əliyeva Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, sirdaşı, ölkəmizə İlham Əliyev kimi rəhbər bəxş etmiş ana, görkəmli oftalmoloq alim, mənalı və zəngin həyat yolu keçən bir xanım olub. Ağxalatlı Azərbaycan qadını gənc həkimlərin yetişdirilməsinə böyük əhəmiyyət verib, alim qadın kimi çox yüksək pillələrə, zirvələrə qalxan oftalmoloq  olub.

Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat yolu və elmi fəaliyyətinə aid videoçarx nümayiş etdirildi.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti