Gəncə Dövlət Universitetində imtahanlara start verildi
Hər il olduğu kimi bu il də Gəncə Dövlət Universitetində qış imtahanlarına uğurla başlanıldı. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il qış imtanlarında bir sıra yeniliklər edilmişdir ki, bu da həm tələbələrin işini asanlaşdırmış, həm də imtahanların mütəşəkkil keçirilməsinə şərait yaratmışdır. İmtahanların başlaması ilə əlaqədar geniş hazırlıq işləri görülmüş, auditoriyalarda səliqə-sahman yaradılmış, imtahan götürən müəllimlər təlimatlandırılmış, imtahanların gedişi ilə bağlı tətbiq olunan qaydalar barədə tələbələrə ətraflı məlumat verilmişdir.
İmtahanların başlaması ilə əlaqədar universitetin rektoru, professor Yusif Yusibov 2-ci tədris korpusunda olmuş, imtahanların gedişi ilə maraqlanmışdır. Burada rektora məlumt verilmişdir ki, bütün hazırlıq işləri yüksək səviyyədədir və bütün qaydalara əməl edilməsinə ciddi riayət olunur. Bundan başqa imtahanlar Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar qəbul etdiyi qaydalara uyğun keçirilir. Hər bir tələbənin binaya daxil olarkən hərarəti və gigiyenik qaydalara əməl etməsi vəziyyəti yoxlanılır. İmtahanlarda tələbələrin ara məsafəsini saxlamalarına da nəzarət edilir.
Qeyd edək ki, yanvarın 12-də başlanan yazılı imtahanlar gün ərzində 3 növbəli keçirilir. Hər növbədə 2 saat olmaqla 800-dən artıq tələbə imtahanlarda iştirak edir. İmtahanların 6 gün davam etməsi nəzərdə tutulmuşdur. Növbəti mərhələdə imtahanlar test üsulu ilə Dövlət İmtahan Mərkəzində olduğu kimi keçirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün geniş hazırlıq işləri görülmüş, cavab kartları və sual kitabçaları hazırlanmış və sistemə qoşulmuşdur. Həmin cavab kartları və sual kitabçaları imtahan günü tələbələrə paylanacaqdır. Test imtahanlarında 25 sual olacaqdır. Universitetdə ilk dəfə olaraq cavab kartını yeni alınmış skayner oxuyacaqdır. 3-cü mərhələdə isə bir fəndən şifahi imtahan olacaqdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti