Gəncə Dövlət Universitetində inşa yazı müsabiqəsi keçirilib

Gəncə Dövlət Universitetində  tələbələr arasında “Zəfər gününə” həsr edilmiş inşa yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsi başlamazdan əvvəl Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qarşıdan gələn Zəfər bayramı münasibəti ilə  tələbləri təbrik etdi və onlara bu müsabiqədə uğurlar arzuladı. Gülsüm Fətəliyeva qeyd etdi ki,  Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı.  Torpaqlarımız düşmən işğalından azad edildi və 44 günlük  Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycanın iftixar və qürur mənbəyinə çevrildi. Xalqımız və rəşadətli Ordumuz Şanlı tarix yazaraq 44 gündə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

   Daha sonra tələbələrə müsabiqənin qaydaları izah olundu. Bildirildi ki, iki otaqda 100 tələbə bu müsabiqədə iştirak edir. Tələbələrə müsabiqə barədə əvvəlcədən elan verilib  və onların müraciəti əsasında qeydiyyata alınıbdır.  Onlara  verilən 1 saat vaxt ərzində isə  tələbələr “Dəmir yumruq tarix yazdı” , “İlham Əliyev-Zəfər tarixini yazan lider” , “Qarabağda açan sülh çiçəyi” mövzularından birini seçərək inşa yazmalıdırlar. Yazılar Universitetin Filologiya fakültəsinin müəllimləri tərəfindən yoxlanılacaqdır. Müsabiqədə birinci yerin qalibi olan tələbəyə 200 manat, ikinci yerə  150 manat və üçüncü yerin sahibinə isə 100 manat veriləcəkdir. Həmçinin qalib gələn tələbələrə fəxri fərmanlar da təqdim ediləcəkdir.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti