GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ” KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

     30 aprel 2025-ci il tarixində Gəncə Dövlət Universitetində “Keyfiyyət Təminatı və Qiymətləndirmə” Komissiyasının növbəti iclası keçirilmişdir. İclas, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunmuş Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin icrasını təmin etmək məqsədi daşıyırdı.

    İclası universitetin Ümumi işlər üzrə prorektoru, komissiyanın sədri Samir Məmmədov açaraq iştirakçılara iclasın gündəliyi barədə məlumat vermiş, fəaliyyət planında nəzərdə tutulan tapşırıqların həyata keçirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırmışdır.

    İclas çərçivəsində Komissiyanın fəaliyyət planına uyğun olaraq 2025-ci ilin aprel ayı ərzində görülmüş işlər təqdim olunmuş, aparılmış təhlillər və əldə olunan nəticələr geniş şəkildə müzakirə edilmişdir.

    İclasda aşağıdakı istiqamətlər üzrə görülən işlərə dair işçi qruplarının və monitorinq qruplarının üzvləri tərəfindən hesabat xarakterli çıxışlar edilmişdir:

İşçi Qrupların fəaliyyəti üzrə:

  • Kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlili;
  • Tədris planlarının tərtib olunmasına nəzarət;
  • Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiqi və bu sahədə nəzarətin gücləndirilməsi;
  • Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi;
  • Auditoriya və auditoriyadankənar dərs yükünün hesablanması;
  • Beynəlmilələşmə fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi.

Monitorinq Qruplarının fəaliyyəti üzrə:

  • Strateji İnkişaf Planında nəzərdə tutulan fəaliyyətlərin icrasına nəzarət və monitorinq;
  • Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət;
  • Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı prosesə nəzarət və monitorinq;
  • Təhsil proqramlarının sistematik yoxlanılması;
  • Daxili əvəzçilik və saathesabı dərs yükünün optimallaşdırılması;
  • Tədris infrastrukturunun monitorinqinin sistemli təşkili.

       İclasda həmçinin Komissiyanın üzvləri tərəfindən irəli sürülən təklif və rəylər geniş şəkildə nəzərdən keçirilmiş, qarşıdakı dövr üçün prioritet istiqamətlər və icra tədbirləri müəyyən edilmişdir. Tövsiyələrin reallaşdırılması və keyfiyyət təminatının davamlı inkişafı üçün bütün struktur bölmələrin koordinasiyalı fəaliyyəti vacib hesab edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti