Gəncə Dövlət Universitetində Təkrar İnsitusional Akkreditasiyaya Hazırlıq üzrə Təşkilat Komissiyasının Yekun İclası Keçirilib
18 sentyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində təkrar institusional akkreditasiyanın keçirilməsi məqsədilə hazırlanacaq Özünütəhlil Hesabatı və ona əlavə olunacaq sənədlərin yekunlaşdırılması üçün yaradılmış Təşkilat Komissiyasının yekun iclası keçirilib.
Təşkilat Komissiyasının sədri, Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə iclası açaraq gündəlikdə duran əsas məsələni diqqətə çatdırıb. O bildirib ki, iclasda universitetdə təkrar institusional akkreditasiyanın keçirilməsi məqsədilə Komissiya tərəfindən istiqamətlər üzrə görülən işlər, əldə olunan yekun nəticələr və qeydlərə dair hesabatlar müzakirə olunacaq.
Pərvin Kərimzadə vurğulayıb ki, Özünütəhlil Hesabatının və ona əlavə ediləcək sənədlərin hazırlanması prosesində bütün fakültələr, şöbələr və digər struktur bölmələri fəal şəkildə iştirak ediblər. İclasda bu işin səmərəli icrası üçün yaradılmış İşçi Qrupunun xüsusi xidməti qeyd olunub.
Daha sonra Komissiyanın müxtəlif istiqamətlər üzrə sədrlərinin hesabatları dinlənilib. Komissiya üzvləri çıxış edərək məsələyə münasibətlərini bildiriblər. Müzakirələrin yekununda istiqamətlər üzrə əldə olunan nəticələr məqsədəuyğun hesab edilib və Özünütəhlil Hesabatının tam hazır olduğu vurğulanıb.
İclasda qəbul olunan yekdil qərara əsasən, Gəncə Dövlət Universitetinin Təkrar İnsitusional Akkreditasiya qiymətləndirilməsi üçün hazırlanan Özünütəhlil Hesabatının universitetin Elmi Şurasında müzakirəyə çıxarılması təklif olunub.









