Gəncə Dövlət Universitetində TƏLƏBƏLƏRİN ƏL İŞLƏRİNDƏN İBARƏT SƏRGİ TƏŞKİL OLUNUB
Gəncə Dövlət Universitetində Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbələrinin Texnologiya və onun tədrisi metodikası fənnindən hazırladıqları əl işləri nümayiş olunub. “Sehirli qış aləmi” adlı sərginin keçirilməsində əsas məqsəd bacarıqlı və fəal gənclərin üzə çıxarılması olub. Sərgi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təşkil olunub.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tələbələrin əl işləri ilə yaxından tanış olub. Bildirilib ki, sərgidə nümayiş olunan 100-ə yaxın əl işi müxtəlif materiallardan hazırlanıb. Tələbələr hazırladıqları əl işlərinin üslub xüsusiyyətləri və işlənmə texnikası haqqında məlumat veriblər.
Qeyd edək ki, sərgidə Fizika və Texniki fənlər fakültəsinin Texnologiya müəllimliyi ixtisasının tələbələrinin də əl işləri nümayiş olunub.
Rektor Yusif Yusibov belə sərgilərin keçirilməsinin tələbələrə yaradıcılıq motivasiyası baxımından müsbət təsir göstərdiyini bildirib, təqdim olunan əl işlərinin böyük zövq və peşəkarlıqla hazırlandığını vurğulayıb.
Fərqli texnika və üslublarla hazırlanmış əl işləri sərgi iştirakçılarında böyük maraq yaradıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti









