GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ VİLNÜSDƏ TƏLİMLƏRDƏ İŞTİRAK EDİB

Litvanın SMK Tətbiqi Elmlər Universitetində Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin təlimləri baş tutub.

Gəncə Dövlət Universitetinin nümayəndə heyətinin də iştirak etdiyi təlimlərin əsas məqsədi universitetlərdə yaradılmış onlayn portal sistemlərin fəaliyyətinin qiymətləndirilməsini aparmaq, universitetin akademik və administrativ heyət arasında istifadəsini təmin etmək olmuşdur. Təlim ərzində SMK Universitetininin nümayəndəsi İnqa Petrikiene iştirakçılara tələbə yönümlü təhsilin mahiyyətini praktiki şəkildə tədris edib. Həmçinin, keyfiyyət təminatı, keyfiyyət sistemi, onun universitetdə tətbiqi barədə də məlumat verib.

EKT təşkilatının təlimçiləri Alvidas Punis və Laura Senkeviciute QPR proqram təminatları barədə müzakirələr aparıblar. Təlimlərdə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin təmsilçiləri verilən tapşırıqları yerinə yetirmiş və təqdimatlarını nümayiş etdirmişlər.