Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri ATİAHİ-nin Rəyasət heyətinə üzv seçilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) XVII hesabat – seçki konfransı keçirilib.
Hesabat-seçki konfransında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Təhsil nazirinin müavini Mətin Eynullayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, səkkiz ölkənin həmkarlar təşkilatları və beynəlxalq həmkarlar ittifaqları birliklərinin nümayəndələri, respublikanın bütün bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizdə təhsil sahəsində görülən işlərdən, əldə olunan uğurlardan, elm və təhsil işçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edən film nümayiş olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransının gündəliyi və iş qaydası təsdiq edilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, insan kapitalının inkişafı hər bir ölkənin təhsil sisteminin ümdə vəzifəsidir və bu amil iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyasınında ən vacib şərtlərdən biridir.
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyevın rəhbərlik etdiyi qurumun 2012-2017-ci illər ərzində gördüyü işlərlə bağlı hesabatı dinlənilib.
Bildirilib ki, ATİAHİ Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan ən böyük sahə həmkarlar ittifaqı təşkilatıdır. Bu təşkilat öz sıralarında 380 mindən artıq ittifaq üzvünü birləşdirir. Uzun illərin sınağından keçmiş ATİAHİ ötən müddət ərzində təhsilimizin inkişafı, təhsil sahəsində çalışanların hüquq və mənafelərinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirir. Belə ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Ölkə Başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə həyatının digər sahələrində olduğu kimi bu sahədə də hər il əhəmiyyətli tədbirlər reallaşdırılır, uğurlu nəticələr ədə edilir.
Hesabat məruzəsi dinlənildikdən sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə yenidən Səttar Möhbalıyevin namizədliyi yekdil səslə irəli sürülüb və təsdiq edilib.
Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət heyətinin yeni tərkibi müəyyənləşdirilib.On yeddi nəfərdən ibarət tərkibə Qərb zonasından Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova üzv seçilib.