Gəncə Dövlət Universitetinin dosenti Beynəlxalq Konfransdan qayıdıb

                   Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Saidə İsmayılzadə 4-5 dekabr 2024-cü il tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən Beynəlxalq konfransda iştirak edib. “Niqmat Oxuları Humanist Təhsil: Ənənələr, İnnovasiyalar və Perspektivlər” adlı VI Beynəlxalq Elmi-Praktik Konfrans alim, pedaqoq, humanist təhsil elmi məktəbinin banisi Zyamil Qazısoviç Niqmatovun anadan olmasının 85 illiyinə həsr olunub. Konfrans Kazan Federal Universitetinin Psixologiya və Təhsil İnstitutu, Rusiya Təhsil Akademiyasının Volqa Regional Elmi Mərkəzinin himayəsi altında Tatarıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə birgə təşkil edilib.

      Beynəlxalq konfransda Təhsil və Elm Naziri İlsur Qarayeviç Xadiullin, Psixologiya və Təhsil İnstitutunun direktoru Aydar Minimansuroviç və Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Çin Xalq, Çuvaş Respublikalarının və Malayziyanın tanınmış tədqiqatçı alimləri, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

      Konfransda Gəncə Dövlət Universitetinin dosenti Saidə İsmayılzadə  “Keçmişi dərk etməklə gələcəyin formalaşdırılması: Azərbaycanda mənəvi-əxlaqi dəyərlər, gənc nəslin tərbiyəsi” mövzusunda çıxış edib. Burada həmçinin uşaq və gənclərin, mənəvi-əxlaqi və humanist tərbiyəsi, inkişafı, ailə dəyərlərinin qorunması kimi məsələlərə toxunulub. Kazan Federal Universitetində keçirilən VI Beynəlxalq Elmi-Praktik konfrans böyük, irimiqyaslı, unikal elmi hadisəyə çevrilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti