Gəncə Dövlət Universitetinin dosenti Qazaxıstanda beynəlxalq konfransda iştirak edib
Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti Saidə İsmayılzadə 14-16 may 2025- ci il tarixlərdə Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən “Türk dünyası: seçki sistemlərinin inkişaf ənənələri, təcrübəsi və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın mərkəzi seçki orqanlarının rəhbərlərinin iştirak etdiyi konfransda dosent Saidə İsmayılzadə “Türk xaqanlıqlarında hakimiyyətin formalaşması prosesi: xaqanların seçilməsi ənənələri və adətləri” mövzusunda çıxış edib.
Konfransda plenar iclas zamanı qurumun sədri Nurlan Abdirov beynəlxalq seçki əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Türküstan şəhərinin Türk dünyasının birliyinin rəmzi kimi tarixi və mənəvi əhəmiyyətindən danışıb. Həmçinin konstitusiya islahatları kontekstində Qazaxıstanın seçki sistemindəki dəyişikliklər haqqında da məlumat verib. Konfrans çərçivəsində türk dövlətlərində seçki sistemlərinin inkişafına dair peşəkar dialoq və səmərəli fikir mübadiləsi aparılıb.
Konfransın yekununda qəbul edilən Türküstan Bəyannaməsində iştirakçılar demokratik institutların və seçki proseslərinin gücləndirilməsinə dair ortaq sadiqliklərini ifadə ediblər.
Yekunda konfrans iştirakçılarına Türk Dövləti Təşkilatının nişanı verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti