Gəncə Dövlət Universitetinin professoru orta məktəbdə şagirdlərə ustad dərsi keçib

     Gəncə Dövlət Universitetinin professoru Mübariz Yusifov Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinə ustad dərsi keçib.

      “Qərbi Azərbaycana böyük qayıdış konsepsiyası həyatı reallıqdır mövzusunda təşkil edilən ustad dərsində Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, orta məktəbin rəhbərliyi, müəllim kollektivi və  şagirdlər iştirak ediblər.

Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi, professor Mübariz Yusifov mövzu haqqında ətraflı danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlardan biri 30 ildən artıq ölkəmizin şəhər və kəndlərində müvəqqəti məskunlaşan qaçqın və köçkünlərin  doğma yurdlarına  qayıdışıdır. İctimaiyyətdə böyük inam yaranıb ki, vaxtilə Qarabağdan məcburi köçkün düşən insanlar dədə-baba yurdlarına qayıtdıqları kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da öz doğma torpaqlarına dönəcəklər.

GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev mövzu ətrafında çıxış ediblər. Qərbi Azərbaycan ərazisinin bizim əzəli tarixi torpaqlarımız olduğunu vurğulayıblar.

Sonda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti