Gəncə Dövlət Universitetinin professoru yubiley tədbirində

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 illik yubileyi və akademik Toğrul Şahtaxtinskinin anadan olmasının 100 illik yubileyinə həsr edilən konfrans keçirilmişdir. Konfransda Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin dekanı professor İsfəndiyar Alverdiyev iştirak etmişdir. Universitetin rektoru professor Yusif Yusibovun təqdim etdiyi təbrikin mətni oxunmuş,  İnstitunun baş direktoru akademik Dilqəm Tağıyev, eləcə də bütün elmi heyət 90 illik yubiley münasibəti ilə təbrik edilmiş, müstəqil Azərbaycanımızın tərəqqisi yolunda səmərəli fəaliyyətlərində uğurlar arzulanmışdır. Gəncə Dövlət Universitetinin rəhbərliyi və kollektivi adından akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna xatirə hədiyyəsi təqdim edilmişdir.

   Qeyd edək ki, 2011-ci ildə Gəncə Dövlət Universiteti ilə akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında əməkdaşlıq haqqında memorandumu imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində 2017-ci ildən GDU-da Kimyəvi Materialşünaslıq Elmi Tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bundan başqa kadr hazırlığı çərçivəsində 4 elmlər namizədi və 1 elmlər doktoru da müdafiə edərək Universitetdə çalışır.