Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov “ASAN xidmət ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə mükafatlandırılıb

     Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib.   “BP Azərbaycan” şirkətinin sponsorluğu və “Azərikard” MMC-nin təşkilati dəstəyi ilə baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

   Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, müxtəlif dövlət qurumlarının rəhbərləri və nümayəndələri, layihə çərçivəsində Anlaşma Memorandumunu imzalamış universitetlərin rektorları, o cümlədən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və ali təhsil ocağının sahə üzrə peşəkar mentorları, təlimçiləri və digər qonaqlar iştirak ediblər.

   Tədbirin əvvəlində I və II Tusi İnkubasiya proqramlarının startaplarının təqdimatı baş tutub.

    Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

    Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə dair, eləcə də sözügedən layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarxlar nümayiş etdirilib.

    Sonra mentorların ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırdıqları 19 startap komandası layihələrini təqdim edib.

   Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, o cümlədən, əməkdaşlıq edən bir neçə universitet rektorları “ASAN xidmət ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə mükafatlandırılıblar.

   Sonda layihənin II Mentorluq Proqramının iştirakçılarına sertifikatlar verilib.

    Qeyd edək ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti