Gəncə Dövlət Universitetində şəhid Elməddin Mürsəlzadənin xatirəsinə guşə yaradılıb

Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsində şəhid Elməddin Mürsəlzadəyə həsr olunmuş xatirə gecəsi keçirilib.

Əvvəlcə şəhid Elməddin Mürsəlzadənin adını daşıyan auditoriyada yeni yaradılmış xatirə guşəsinin önünə gül dəstələri qoyulub. Şəhidin ailə üzvlərinin də iştirak etdiyi xatirə gecəsində tədbir iştirakçıları guşə ilə yaxından tanış olub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. 

Qiyabi şöbənin müdiri Elsevər Nağıyev giriş sözü ilə çıxış edərək şəhidlərin Vətən qarşısında misilsiz xidmətlərindən, onların adlarının əbədiləşdirilməsinin mənəvi əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, Vətən uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsinin yaşadılması, onların göstərdikləri şücaət və fədakarlıq nümunələrinin gənc nəslə çatdırılması hər birimizin mənəvi borcudur. Elsəvər Nağıyev diqqətə çatdırıb ki, Mürsəlzadə Elməddin Cəsur oğlu 7 avqust 2000-ci il tarixdə Samux rayonun Əhmədbəyli kəndində anadan olub. 2017-ci ildə Gəncə Dövlət Universitetinin qiyabi təhsil forması üzrə Bədən tərbiyəsi və idman müəllimliyi ixtisasına qəbul olunub. 44 günlük Vətən müharibəsi başlayanda  o təhsilin yarımçıq qoyaraq könüllü olaraq döyüş bölgəsinə yollanıb.  2020-ci ilin oktyabrın 15-dən 16-na keçən gecə Elməddin Mürsəlzadə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamlarına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra  ”Vətən uğrunda“, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib. Göstərdiyi şücaət və Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilən Elməddin Mürsəlzadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında şəhid Elməddin Mürsəlzadənin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan, 20 yaşlı gəncin doğma torpağa bağlılığından, Vətən sevgisindən və milli-mənəvi dəyərlərə sədaqətindən bəhs edib. Pərvin Kərimzadə bildirib ki, Vətənə layiqli övlad olmaq, ölkənin ərazi bütövlüyünün qorunması və xalqın təhlükəsizliyinin təmin edilməsi naminə fədakarlıq göstərmək hər bir vətəndaş üçün ali mənəvi dəyərlərdəndir. Şəhidlər yalnız doğmalarının deyil, bütövlükdə xalqımızın qəlbində əbədi yaşayırlar. Onların Vətənə olan sevgisi, uğrunda canlarından keçdikləri müqəddəs amal və göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Prorektor P.Kərimzadə şəhid Elməddin Mürsəlzadənin adını daşıyan auditoriyada yaradılmış xatirə guşəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, bu guşə universitetdə təhsil alan gənclərə şəhidlərin müqəddəs amalını, Vətənə sədaqətini və xalqımızın qəhrəmanlıq tarixini xatırladan mənəvi məkan olacaq, tələbələrin milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik ruhunun güclənməsinə töhfə verəcək.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxışında Gəncə Dövlət Universitetinin məzunu olmuş şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan, xalqımızın qazandığı tarixi qələbələrdən və şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən bəhs edib,  Universitetdə şəhid ailələri ilə mütəmadi görüşlər keçirdiyini, onların qayğılarına həssaslıqla yanaşıldığını və şəhidlərin əziz xatirəsinin yaşadılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Tədbirdə şəhidin atası Cəsur Mürsəlzadə Elməddinin başa çatdıra bilmədiyi ali təhsilindən, Vətənə olan sonsuz sevgisindən və torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi fədakarlıqdan danışıb. Övladının adının ali təhsil ocağında əbədiləşdirilməsini böyük şərəf və qürur hissi ilə qarşılayan şəhidin atası  bu günün onun üçün həm qürurlu, həm də duyğulu olduğunu bildirib. Onu da diqqətə çatdırıb ki, Gəncə Dövlət Universitetində Elməddin Mürsəlzadənin adına verilən auditoriya onun üçün sadəcə bir otaq deyil, oğlunun yarımçıq qalan təhsil yolunun rəmzidir. Şəhidin atası Gəncə Dövlət Universitetinin rəhbərliyinə və bu təşəbbüsə dəstək olan hər kəsə minnətdarlığını bildirib. O, şəhidlərin adlarının təhsil müəssisələrində yaşadılmasını onların xatirəsinə göstərilən ən böyük ehtiram nümunələrindən biri kimi dəyərləndirib.

Səsləndirilən qürur dolu  hər bir  çıxış duyğulu anlar yaşadıb.

 Sonda tələbələrin ifasında vətənpərvərliyə aid şeirlər səsləndiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti