GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN STARTAP KOMANDASI RESPUBLİKA SƏVİYYƏSİNDƏ KEÇİRİLƏN “STARTAP GÜNLƏRİ” LAYİHƏSİNİN QALİBİ OLUB
25 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində “Startap Günləri” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Gəncə Dövlət Universitetinin startap komandası respublika səviyyəsində keçirilən “Startap Günləri” layihəsinin qalibi olub. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət komandanın “DiaDondurma” adlı startap ideyası birinci yerə layiq görülüb.
Cari ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində startap müsabiqələri təşkil olunub və qalib komandalar müəyyənləşdirilib.
Layihənin bağlanış mərasimində isə qalib komandalar arasında final yarışı baş tutub. Yekunda mükafatlandırma mərasimi keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib. Layihə, ümumilikdə 1000-dən çox gənci əhatə edib.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılıb.
“Startap Günləri” layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olub.
Layihə internet biznesinin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir.