Gəncə Dövlət Universitetinin tələbəsi Avropa çempionu oldu
4-5 iyul 2025-ci il tarixdə İtaliyanın Kaorle şəhərində sərbəst güləş idman növü üzrə keçirilən “U20 Avropa çempionatı”nda Gəncə Dövlət Universitetinin tələbəsi böyük uğur qazanıb. Fiziki tərbiyə və cağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Vasif Bağırov Avropa çempionu adını qazanaraq qızıl medalın sahibi olub. Vasif Bağırovun rəqibləri Türkiyə, Macarıstan, Moldova və Gürcüstan Respublikasının idmançıları olub.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 11 iyul 2025-ci il tarixdə vətənə qayıdan Vasif Bağırovla görüş keçirib. Rektor tələbəmizi təbrik edərək uğurlar arzulayıb və beynəlxalq yarışda ölkəmizin adını uca tutduğuna görə ona təşəkkürünü bildirib.
Avropa çempionu olan Vasif Bağırov yarışla bağlı təəssüratlarını bölüşüb və GDU-da idmançılara göstərilən dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Görüş zamanı Pedaqoji fakültənin dekanı Zaur Hüseynov və universitetin İdman Klubunun rəhbəri Xəqani Umudov Vasif Bağırovun digər uğurlarından danışıb. Qeyd ediblər ki, tələbəmiz Vasif Bağırov “U17 Avropa çempionatı-2022”-də qızıl, “U17 Dünya çempionatı-2022”-də qızıl, “U20 Avropa çempionatı-2024” yarışında isə gümüş medal ilə təltif olunub. O həm də dünya çempionatında kəmər sahibidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





