Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli tam orta məktəbdə ustad dərsi
İngilis dili aylığı çərçivəsində Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Zümrüd Rzayeva tərəfindən Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli tam orta məktəbdə ustad dərsi keçirilib.
“Sosial media” mövzusunda keçirilmiş dərsin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirmək, onların müasir informasiya-kommunikasiya vasitələri barədə biliklərini artırmaq və sosial medianın düzgün istifadəsi ilə bağlı maarifləndirmə aparmaq olub.
Dərsdə GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Elnarə Abdullayeva, kafedranın digər müəllimləri, orta məktəbin ingilis dili müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Dərsin giriş hissəsində universitet-məktəb əməkdaşlığının əhəmiyyətindən, şagirdlərin ali təhsil mühitinə hazırlanmasının vacibliyindən və bu kimi görüşlərin maarifləndirici rolundan bəhs olunub.
Məruzəçi Zümrüd Rzayeva dərs zamanı sosial medianın müsbət və mənfi tərəflərini ətraflı şəkildə izah edib, onun gündəlik həyatımızdakı roluna toxunub.
Dərs interaktiv formada təşkil olunub. Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, qrup işi formatında tapşırıqlar yerinə yetirilib.




